Ağrılı yaddaş (film, 1995)

Ağrılı yaddaş filmi rejissor Yalçın Əfəndiyev[1] tərəfindən 1995-ci ildə çəkilmişdir. Film «Salnamə» sənədli filmlər studiyası və Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasının istehsalıdır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş, Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraitindən bəhs edir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.

Məzmun
Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin çətin həyat şəraitindən bəhs edir.

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur. 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi — Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 — dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır. Məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışdır.

Filmdə Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraiti əks etdirilir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.

Maraqlı fakt
Film «Azərkinovideo» istehsalat birliyinin sifarişi ilə çəkilmişdir.

Orijinal ad: Ağrılı yaddaş
Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: İmran İsmayıl
Yalçın Əfəndiyev
Operator: Nizami Abbas
Etibar Şirinov
Seyidağa Mövsümlü
Nadir Mehdiyev
Montaj: Ayaz Əliyev
Janr: sənədli
qısametrajlı
Dil: azərbaycanca
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Salnamə» sənədli filmlər studiyası
Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyası
Filmin növü: qısametrajlı sənədli film
Rəng: rəngli